Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul

Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydaları (2011/2012-ci tədris ili üçün)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbulu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:

Ümumi müddəalar

  1. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

    Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericillikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər.

  2. Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır.

    Ərizə qəbulu

  3. Həkimlər qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK-a) aşağıdakı sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər:

    • Səxsiyyəti təsdiq edən sənədin əslini:
      • Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;
      • əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportlarını və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqələrini.
    • Baza ali tibb təhsili haqqında sənədi:
      • Azərbaycan Respublikasının ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər ali təhsil haqqında diplomun əslini və məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən müəyyən edilmiş formada arayışı (forma 60_1M);
      • Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin cari il məzunları həmin ali təhsil müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən müəyyən edilmiş formada arayışı (forma 60_2M);
      • Xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyindən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə”ni;
      • Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibbi və əczaşılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

    Rezidenturaya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün “Həkimin elektron ərizəsi” formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.

    İxtisas seçimi

  4. Həkimlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər.

    Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İmtahan verdiyi proqrama aid olan ixtisasların seçimində iştirak etmək üçün həkimin imtahandan topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.

    Həkim, ali tibb təhsili bazasına uyğun olan (bitirdiyi fakültəyə müvafiq olan) rezidentura ixtisaslarını istədiyi ardıcıllıqla seçir, internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisas seçimini təsdiqləyir.

    Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və həkim topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

    Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslara yerləşdirmə aparıla bilər.

    Müsabiqə şərtləri

  5. Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılır. Yerləşdirilmə həkimin öz ərizəsində qeyd etdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçirilir.
  6. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox həkimi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
    • baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;
    • ixtisas fənni üzrə testdən toplanılan bal.

    Digər müddəalar

  7. Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

  8. Həkim müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyasına müraciət edə bilər.

  9. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Həkim öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə və ya köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.

Odeme karti
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə