Qəbul qaydaları

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları (2012/2013-cü tədris ili üçün)

1. Ümumi müddəalar

1.1. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.
1.2. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verə bilməzlər.
1.3. Dövlət “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.
1.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
Həmin Qanunun 26.2-ci maddəsinə uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) tərəfindən həyata keçirilir.
1.6. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, bu ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla dörd qrupa bölünür.
1.7. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, bu ixtisaslar üzrə orta ixtisas təhsilinin dövlət standartları - subbakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla üç qrupa bölünür

2. Ərizələrin qəbulu

2.1. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1. əvvəlki illərin məzunları tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədin əslini;
2.1.2. cari ilin məzunları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində oxuduqlarını təsdiq edən arayışı ;
2.1.3. ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər bu halı təsdiq edən arayışı

2.1.4. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
2.1.5. hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
2.2. Ali və ya orta ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı aşağıdakıları da SQK-ya təqdim etməlidirlər:
2.2.1. təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı

2.2.2. attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı .
2.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olu¬nan sənədlərlə yanaşı həmin sənəd¬lərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.
2.4. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya 2.1-ci bənddə qeyd olunan sənədlərlə yanaşı sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.
2.5. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (bundan sonra - QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan¬larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

3. Qəbul imtahanı

3.1. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Abituriyent yalnız bir ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:
3.1.1. I ixtisas qrupu – ana dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə – ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
3.1.2. II ixtisas qrupu – ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə – ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
3.1.3. III ixtisas qrupu – ana dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə – ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
3.1.4. IV ixtisas qrupu – ana dili, riyaziyyat, fizika, kimya və biologiya.
3.2. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:
3.2.1. I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, ana dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər hesab olunur.

3.2.2. II ixtisas qrupu – riyaziyyat, coğrafiya, ana dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunur.
3.2.3. III ixtisas qrupu – ana dili, tarix, ədəbiy¬yat, xarici dil, riyaziyyat. Ana dili və tarix əsas fənlər hesab olunur.
3.2.4. IV ixtisas qrupu – biologiya, kimya, fizika, ana dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər hesab olunur.
3.3. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:
3.3.1. I ixtisas qrupu – riyaziyyat, ana dili. Riyaziyyat və ana dili əsas fənlər hesab olunur.
3.3.2. II ixtisas qrupu – kimya, ana dili. Kimya və ana dili əsas fənlər hesab olunur.
3.3.3. III ixtisas qrupu – ana dili, tarix. Ana dili və tarix əsas fənlər hesab olunur.
3.4. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.

4. İxtisas seçimi

4.1. Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra aparılır.
4.2. İxtisas seçiminə imtahan nəticələri TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar.
4.3. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qrupuna aid 15-dək ixtisası seçir, elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiqləyirlər.
4.4. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər. Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları da seçmək imkanı verilir.
4.5. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçimi aparılır. Abituriyent ali təhsil müəssisələrinin boş yerləri qalan ixtisaslarından və orta ixtisas təhsili müəs¬sisələrinin ixtisaslarından 20-dək ixtisası seçir, elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiqləyir. Orta ixtisas təhsili müəssisələrinin I qrup ixtisaslarını ali təhsil müəssisələrinin bütün ixtisas qrupları üzrə, II qrup ixtisaslarını ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə, III qrup ixtisaslarını isə ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə imtahan verən və test imtahanlarında topladıqları balları orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müəyyən edilmiş müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər.

5. Müsabiqənin keçirilməsi

5.1. Bu qaydaların 5.2-ci bəndində nəzərdə tutulmuş ixtisaslar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin test imtahanında topladığı ümumi bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.1.1. buraxılış imtahanına daxil olan fənlər üzrə orta attestat balı;
5.1.2. test imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;
5.1.3. test imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;
5.1.4. test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
5.1.5. test imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;
5.1.6. test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.
5.2. Ali təhsil müəssisələrinin qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.2.1. abituriyentin test imtahanında topladığı ümumi bal;
5.2.2. buraxılış imtahanına daxil olan fənlər üzrə orta attestat balı;
5.2.3. abituriyentin qabiliyyət imtahanında ixtisas fənnindən (fənlərindən) topladığı bal (balların cəmi);
5.2.4. test imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;
5.2.5. test imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;
5.2.6. test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
5.2.7. test imtahanının bütün fənləri üzrə bütövlükdə abituriyentin düzgün cavablarının sayı;
5.2.8. test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.
5.3. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.
5.4. Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
5.5. Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq dövlət sifarişı əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.
5.6. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən 4.5-ci bənddə göstərilən qaydada ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

6. Yekun müddəalar

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
6.2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası (bundan sonra - Apelyasiya Komissiyası) yaradılır.
6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
6.4. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta sənəd təqdim etmək;
6.4.2. imtahanlara mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
6.4.4. səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
6.4.5. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
6.4.6. nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
6.4.7. cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Online sınaq imtahanı
2011 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə