Beynəlxalq konfranslar

İAE-nın Honq-Konq konfransında TQDK əməkdaşlarının iştirakı


2002 sentyabrın 1-dən 6-dək Honq-Konq şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya – İAEA (International Association for Educational Assessment) tərəfindən «Dəyişən tələblərə uyğun olaraq təşsilin qiymətləndirilməsinin islahatı» adı altında 28-ci konfrans keçirilmişdir. Konfransda ilk dəfə TQDK sədri Məleykə Abbaszadənin rəhbərliyi altında Azərbaycanın nümayəndə heyəti əsas üzv kimi iştirak etmişdir. Konfransda 40 ölkədən 160 nümayəndə heyəti iştirak etmişdir. TQDK-nın sədri Məleykə Abbaszadə «Təhsilin Qiymətləndirilməsində İnformasiya Texnologiyalarının Rolu» mövzusunda və Test Metodikası Şöbəsinin müdiri Rəhim Hüseynov «Qəbul imtahanları nəticələrinin təhlili əsasında məktəblilərin və məktəblərin zəruri metodiki materiallarla təmin olunması» mövzusunda məruzələr ilə konfransda çıxış etdilər.

M. Abbaszadə Tokioda informasiya cəmiyyəti üzrə regional konfransda iştirak etmişdir

2003-cü il 13-15 yanvar tarixlərində Tokioda Yaponiya Hökuməti və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Asiya Regional Konfransının İnformasiya Cəmiyyəti (WSIS) üzrə sammiti keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Azərbaycan Hökuməti və BMT-in İnkişaf Proqramının «Azərbaycan Respublikasında milli informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi» birgə layihəsi üzrə Milli Koordinator Məleykə Abbaszadə təmsil etmişdir. Konfransda M.Abbaszadə respublikamızda İKT üzrə vəziyyət və NİCTS layihəsinin gedişi haqda məruzə ilə çıxış etmişdir. Forum çərçivəsində gələcəkdə İKT sahəsində beynəlxalq əməkdaşlıq məqsədilə ikitərəfli görüşlər keçirilmişdir.Konfransda İKT-nin dövlət idarəçiliyi, iqtisadiyyat və təhsildə istifadəsi üzrə müzakirələr keçirilmiş, İKT-nin vətəndaş cəmiyyətində rolu, gənclər üçün bu texnologiyaların effektiv tətbiqi və s. məsələlərə baxılmışdır. Ortaya çıxan suallar xüsusi ekspert qrupu tərəfindən işlənərək, 2003-cü ilin dekabrında keçiriləcək informasiya cəmiyyəti üzrə Ümumdünya sammitinin iştirakçılarına təqdim olunmuşdur.

TQDK sədri M.Abbaszadə Qırğızıstanda işgüzar səfərdə olmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadə Qırğızıstan Respublikasının Prezidenti yanında İnformasiya-Kommunikasiya Texnologiyaları Şurası və Kanada Beynəlxalq İnkişaf Agentliyinin (Canadian İnternational Development Agency - CİDA) dəvəti ilə Bişkek şəhərində 2003-cü il martın 27-29-da Mərkəzi Asiya və Qafqaz ölkələrində İKT-nin inkişafı məsələlərinə həsr olunmuş konfransda iştirak etmişdir. M.Abbaszadə CİDA təşkilatının nümayəndələri ilə görüşlər keçirmişdir.

Budapeştdə keçirilən beynəlxalq forumda iştirak

2004-cü il martın 23-də Macarıstanın paytaxtı Budapeşt şəhərində «Biliklərə əsaslanan iqtisadiyyatın vasitəsilə rəqabət qabiliyyətinin gücləndirilməsi» III beynəlxalq forum işinə başlamışdır. Forum Macarıstan hökuməti, Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən təşkil edilmişdir. Azərbaycanı forumda ölkə hökuməti və BMTİP-nin birgə «Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə Milli Strategiya və onun ilkin mərhələdə tətbiqi» layihəsinin Milli Koordinatoru, TQDK-nın sədri Məleykə Abbaszadə və BMTİP-nin baş müşaviri Sultan Hacıyev təmsil etmişdir. M.Abbaszadə «Azərbaycan Respublikasının təhsil sistemində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rolu» məruzəsi ilə çıxış etmişdir.

Litvada keçirilən Dünya forumunda iştirak

2003-cü il 27-29 avqustda Litvanın paytaxtı Vilnyus şəhərində Avropa Birliyi, Dünya Bankı, UNESCO, UNU, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və s. təşkilatlar tərəfindən dəstəklənən İnformasiya texnologiyaları üzrə Dünya forumu (WITFOR) keçirilmişdir. Forum Litva hökuməti və İnformasiya mübadiləsi üzrə Beynəlxalq Fedderasiya (İFİP) tərəfindən təşkil olunmuşdu. Dekabrda Cenevrədə keçiriləcək İnformasiya cəmiyyəti üzrə Dünya sammitinə hazırlıq mərhələsi hesab olunan bu mötəbər tədbirdə ölkəmizi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Azərbaycan Hökuməti və BMT-in İnkişaf Proqramının «Azərbaycan Respublikasında milli informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi» layihəsinin Milli Koordinatoru Məleykə Abbaszadə təmsil etmişdir.

İAEA-nın Filadelfiya KONFRANSINDA TQDK ƏMƏKDAŞLARININ İŞTİRAKI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya – İAEA-nın (International Association for Educational Assessment) 2004-cü il 13-18 iyun tarixlərində ABŞ-ın Filadelfiya şəhərində “Təhsil xidmətində biliklərin qiymətləndirilməsi” mövzusunda keçirilən 30-cu konfransında iştirak etmişdir. Konfransda TQDK-nın nümayəndələri «On-layn rejimində şagirdlərin hazırlıq səviyyəsinin yoxlanılması üçün vahid standartların istifadəsi» və «Qəbul imtahanları prosesində istedadlı və qabiliyyətli şagirdlərin seçim imkanları» mövzusunda məruzələrlə çıxış etmişlər. Konfransda həmçinin başqa ölkələrin nümayəndələri ilə mühüm görüşlər, öz məzmununa görə TQDK-ya analoji qurum olan “Təhsildə test xidməti”nin baş ofisinə ziyarət, bu məşhur təşkilatın rəhbərliyi ilə danışıqlar aparılmışdır.

TQDK əməkdaşları Rusiyada işgüzar səfərdə olmuşlar

2004-cü il dekabrın 13-dən 15-dək Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin təhsil və elm sahəsində nəzarət üzrə Federal xidməti, kadr hazırlığı üzrə Milli fond və Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin pedaqoji ölçülər Federal institutu tərəfindən «Milli imtahanlar çərçivəsində təhsil nailiyyətlərinin qiymətləndirilməsi» konfransı keçirilmişdir. Pedaqoji ölçülər sahəsində Rusiyanın və beynəlxalq ekspertlərin, Təhsil Nazirliklərinin, MDB və Baltikyanı ölkələrin test mərkəzlərinin nümayəndələrinin, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin rəhbər işçilərinin, vahid dövlət imtahanının tətbiqi üzrə eksperimentdə iştirak edən Rusiya regionlarının nümayəndələrinin iştirak etdiyi bu beynəlxalq konfransda Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sorğu-suallar şöbəsinin müdiri T.Bədəlov və test metodikası sektorunun müdiri R.Hüseynov iştirak etmiş, «Azərbaycanda məktəb-universitet sərhəddində milli imtahanların keçirilməsi təcrübəsi: problemlər, nailiyyətlər, perspektivlər (1992-2004)» adlı məruzə ilə çıxış etmişlər.

IAEA-nın SİNQAPUR KONFRANSINDA TQDK ƏMƏKDAŞLARININ İŞTİRAKI


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə başda olmaqla 2006-cı ilin mayında TQDK-nın nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya – İAEA-nın (International Association for Educational Assessment) Sinqapurda keçirilən 32-ci konfransında iştirak etmişdir. Qloballaşma ilə müşayiət olunan sürətli sosial, mədəni və iqtisadi dəyişikliklər bütün dünyada təhsil sistemləri qarşısında yeni tələblər qoyur. Təhsil siyasəti və bu sahədə qazanılan təcrübə, o cümlədən təhsil və qiymətləndirmə daim yenilik və dəyişikliyə məruz qalır. Sinqapurda keçirilən İAEA-nın illik konfransında qiymətləndirmə sistemlərinin, yenilikləri və təhsil sahəsində baş vermiş dəyişiklikləri özündə əks etdirməsi baxımından, günümüzün tələblərinə necə cavab verməsi nəzərdən keçirilmişdir. Konfrans mayın 22-də öz işinə başlamışdır. İAEA-nın prezidenti dr. Sidel Çarlton (ABŞ) giriş nitqi söyləyərək, qonaqları salamlamışdır. Təşkilatçı ölkə adından isə Sinqapurun təhsil naziri nitq söyləmişdir. Daha sonra müxtəlif mövzular üzrə bir sıra ölkələrin təmsilçiləri çıxış etmişlər. Azərbaycan nümayəndə heyətinin çıxışı may ayının 23-də olmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və nümayəndə heyətinin üzvü Rəhim Hüseynov «Magistratura imtahanlarında qəbul imtahanlarının nəticələrinin istifadə edilməsi» mövzusunda məruzə ilə çıxış etmişlər. Azərbaycan nümayəndə heyətinin çıxışı böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Konfransda TQDK əməkdaşları müxtəlif ölkə nümayəndələri ilə çoxsaylı görüşlər keçirmişlər. Bundan əlavə Azərbaycan nümayəndə heyəti tərəfindən foyedə açılmış stend konfrans iştirakçılarına təqdim olunmuşdur. Ölkəmizə həsr olunmuş stend həm təşkilatçılar, həm də bütün qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

AEA-nin Stokholm konfransında TQDK əməkdaşlarının iştirakı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə başda olmaqla TQDK-nın nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiya /Avropa - AEA/Europe-nın (Association for Educational Assessment / Europe) İsveçin Stokholm şəhərində 2007-ci il noyabr ayının 6-dan 12-dək keçirilən növbəti konfransında iştirak etmişdir.
Xatırladaq ki, bu ilki mövzu: “Qiymətləndirmə və təhsilin keyfiyyəti" idi. Konfransda əksər nümayəndələr Avropada təhsilin qiymətləndirilməsində olan problemlərin həllinə yönəlmiş, xüsusən qiymətləndirilmənin keyfiyyətinin qaldırılması, keyfiyyətə təsir edən amillər, qiymətləndirilmədə yeni strategiyalar və digər çox mühüm məsələlərə dair məruzələr etmişlər. “Təhsilin keyfiyyəti və beynəlxalq təcrübənin fərqli cəhətləri”, “Ali təhsildə yeni qiymətləndirmə strategiyasının inkişaf etdirilməsi” və s. mözular ətrafinda çıxışlar olmuşdur.
Konfransda 20 ölkədən 100 yaxın nümayəndə iştirak etmişdir. İştirakçılar müzakirə zamanı müxtəlif ölkələrin təhsildə qiymətləndirmə sahəsində olan nailiyyətləri haqqında həmkarları ilə bölüşərək gələcəkdə əməkdaşlığın daha geniş və çoxsahəli olmasını qərara almışlar.
Konfrans zamanı TQDK-nın sədri bəzi ölkələrin nümayəndələri ilə əməkdaşlıq haqqında danışmalar aparmışdır.
Səfər zamanı nümayəndə heyəti konfransdan bir gün əvvəl təşkil olunmuş “İRT üzrə tətbiqi proqram” üzrə seminarda da iştirak etmişlər.

TQDK-nın təşkilatçılığı ilə Bakı şəhərində İAEA-nın 33-cü konfransı keçirilmişdir

2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində TQDK-nın təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın növbəti - 33-cü konfransı keçirilmişdir. Beynəlxalq konfransda dünyanın 40 ölkəsindən 200-dən çox nümayəndə iştirak etmişdir. Baş mövzusu “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” olan Beynəlxalq konfransda əsas məruzə ilə Azərbaycan nümayəndəsi, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə çıxış etmişdir. Konfransda 100-dən çox məruzənin təqdimatı olmuşdur. TQDK-nın əməkdaşları konfransın bütün bölmələrində məruzələrlə çıxış etmişlər. Konfransa təqdim olunmuş məruzə və tezislər tədbir başa çatan vaxtdan konfransın rəsmi internet saytında (iaea2007.tqdk.gov.az) yerləşdirilmişdir. Konfransda Beynəlxalq Assosiasiyanın tranzit ölkələri seksiyasının təşkil edilməsi qərara alınmış və bu seksiyaya başçılıq etmək bizim ölkəmizə həvalə olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

TQDK-nın nümayəndə heyətinin IAEA-nın İngiltərədə keçirilən 34-cü konfransında iştirakı


Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə başda olmaqla TQDK-nın nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya – IAEA-nın (International Association for Educational Assessment) İngiltərədə 2008-ci il sentyabrın 5-dən 14-dək keçirilən 34-cü konfransında iştirak etmişdir.
Konfransın təşkilatçısı 150 illik yubileyini qeyd edən təhsilin qiymətləndirilməsi sahəsi üzrə Avropanın ən böyük təşkilatı – Cambridge Assesment qurumu olmuşdur.
IAEA-nın 34-cü illik konfransının mövzusu belə idi: “Qiymətləndirmənin yeni interpretasiyası: Cəmiyyət, Ölçmə və Əhəmiyyət”.
İllik konfransların keçirilməsi təhsilin qiymətləndirilməsi sahəsi üzrə fəaliyyət göstərən müxtəlif qurumlara, ekspertlərə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar yaradı

TQDK Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın regional konfransını keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il mayın 20-dən 22-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) regional konfransını keçirir. TQDK TQBA-nın üzvüdür və bu təşkilatın keçirdiyi proqramlarda mütəmadi olaraq iştirak edir. 2007-ci ilin sentyabrında isə həmin qurumun 33-cü beynəlxalq konfransı da TQDK-nın təşkilatçılığı ilə Bakıda təşkil olunmuşdu. Mayın 20-dən 22-dək Crown otelində təşkil olunan regional konfrans “Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda keçirilir. Konfransda İngiltərə, Niderland, Rusiya Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.















Online sınaq imtahanı
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə